Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mülki müdafiə qərargah rəislərinin və digər məsul şəxslərin iştirakı ilə keçirilmiş iclasla bağlı olaraq, aprelin 17-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər İnzibati Ərazi Dairələrinin, mənzil istismar idarələrinin rəislərinin və bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd əhalinin mühafizəsi ilə bağlı qanunvericiliklə qarşıda duran tapşırıqların aidiyyəti vəzifəli şəxslərə çatdırılması olub.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin əməkdaşları Şərif Əsədovun və Vüqar Məmmədovun mövzular ətrafında təqdimatla məruzələri dinlənilib.
Tədbir zamanı əhalinin fövqəladə hallarla bağlı xəbərdalıq sistemi, təxliyə, fərdi və kollektiv mühafizə vasitələrindən istifadənin planlaşdırılması üzrə qaydalarla, eləcə də görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Ərazi, fərqli və kompleks yanaşma, kütləvilik və məcburilik, daimi hazırlıq, dərhal xəbərdarlıq və qarşılıqlı əlaqə prinsiplərinə uyğun olaraq əhalinin mühafizəsinin, fövqəladə vəziyyətin idarə olunmasının təşkili sahəsində məsul şəxslərə əməli köməkliklər göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.