Naxçıvan Şəhər İcra Hakimiyyətində “Hərbi vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib

13 may 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova mövzunun əhəmiyyətindən danışıb və hərbi-vətənpərvərlik ruhunun gənclər arasında təbliğinin vacibliyini vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirib ki, hər bir vətəndaşın ölkəsi qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyəti mövcuddur. Onun sözlərinə görə, vətəndaşlıq borcu və konstitusion vəzifələr cəmiyyətin inkişafı və hüquq qaydalarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, hüquqauyğun davranış dövlətin hüquq normalarına uyğun olaraq ictimai və şəxsi mənafelərin təmin edilməsinə yönəlmiş sosial faydalı fəaliyyət hesab olunur.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin əməkdaşı, polkovnik-leytenant Vüsal Əliyev, Naxçıvan Hərbi Kollecinin əməkdaşı, polkovnik-leytenant Hikmət Hacıyev, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İsgəndər İsgəndərli mövzu ilə bağlı çıxış ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.