Naxçıvan Şəhər İcra Hakimiyyətində “Dövlət Gənclər Siyasəti və Müasir Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib

02 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətində  2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Dövlət Gənclər Siyasəti və Müasir Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini  Gülxanım Orucova çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin təbriklərini gənclərə çatdırıb. O bildirib ki, Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə yüksəlmişdir.Bu uğurlu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gənclərlə bağlı gördüyü ardıcıl və məqsədyönlü işlər olmuşdur.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Gülxanım Orucova çıxışında vurğulamışdır ki, Bu gün Naxçıvan şəhərində də gənclər dövlət qayğısı ilə əhatə olunub. Gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edilmiş, onların sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Naxçıvan şəhərində gənclərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq və intellektual potensialının inkişafı daim diqqət mərkəzində saxlanılmış, şəhərimizdə idmana əlçatanlıq genişləndirilmişdir.