Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

31 iyul 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətində 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova Azərbaycan dilinin xalqımızın milli-mənəvi dəyərlərinin əsas daşıyıcısı, milli kimliyimizin və dövlətçiliyimizin mühüm atributlarından biri olduğunu vurğulayıb. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişaf etdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin saflığının qorunması və zənginləşdirilməsi ilə bağlı imzaladığı mühüm fərman və sərəncamlardan bəhs edib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi Seymur Xudanov çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu, zənginliyi, milli-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz rolu və gələcək nəsillərə saf şəkildə çatdırılmasının əhəmiyyətindən danışıblar.
Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdikləri məqsədyönlü siyasəti, qəbul etdikləri mühüm fərman və sərəncamları əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, tədbirdə dilçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.