İyunun 23-də Naxçıvan Şəhər İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı münasibətilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edildiyini, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun mühüm rolu olduğunu diqqətə çatdırıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bildirib ki, dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur. Hər bir dövlət qulluqçusu dövlət qulluğuna qəbul olunarkən içdiyi dövlət qulluqçusu andına daim sadiq qalmalı, Azərbaycan dövlətinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirməlidir.
Çıxışın sonunda dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tərəfindən dövlət qulluğunda fərqlənən Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarına təşəkkürnamələr təqdim edib.