Naxçıvan Şəhər İcra Hakimiyyətində 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə İcra hakimiyyətinin, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbər şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, mənzil istismar idarələrinin rəisləri, təhsil, mədəniyyət və idman səhələrində keçirilən müsabiqələrdə qalib olan, fəal iştirak edən şagirdlər və körpələr evi-uşaq bağçasının uşaqları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, 33 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın çağırışına cavab verərək Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.

Ümummilli liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu öndərin bu arzusunu onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi.  Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir.

Sonra Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təhsil, mədəniyyət və idman səhələrində keçirilən tədbirlərdə fəal iştirak edən şəxslər və müsabiqə qalibləri mükafatlandırılıb.