“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq “Qərbi Azərbaycanda yaşamaq mənim hüququmdur” layihəsinin icrası uğurla davam etdirilir.
Layihə çərçivəsində 28 oktyabr 2025-ci il tarixdə Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, ev 15 ünvanında məskunlaşmış Qərbi Azərbaycanlı Kərimov Güloğlan Abuzər oğlunun yaşadığı ünvanda görüş keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər. Görüş zamanı bildirilib ki, qədim yurd yerimiz olan Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası dövlətimizin daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2025-ci il yanvarın 28-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bu məsələni xüsusi vurğulamış, soydaşlarımızın tarixi torpaqlarına qayıdışının ədalətli və labüd olduğunu qeyd etmişdir.
Bu istiqamətdə görülən ardıcıl tədbirlər xalqımızda bir daha əminlik yaradır ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdacağı gün uzaqda deyil.
Əslən Sisiyan rayonunun Qızıl Şəfəq kəndindən olan Güloğlan Kərimov və onun həyat yoldaşı Zərbab Kərimova doğulub boya-başa çatdıqları torpaqlara qayıdacaqlarına dərin inamlarını ifadə ediblər.
Görüş zamanı ailənin sosial vəziyyəti və mövcud ehtiyacları ilə də maraqlanılıb, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonda Güloğlan Kərimov göstərilən diqqət və qayğıya görə Naxçıvan Şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib.