Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş “Təmiz ətraf mühit, sağlam həyat” sosial aksiyasının yekun tədbiri keçirilib

5 İyun – Ətraf Mühitin Mühafizəsi Günündə Naxçıvan şəhərində yerləşən “Əyləncə adasında” Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş “Təmiz ətraf mühit, sağlam həyat” sosial aksiyasının yekun tədbiri keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərənamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu tədbirlər Naxçıvan şəhərində də uğurla icra olunmaqdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş “Təmiz ətraf mühit, sağlam həyat” sosial aksiyası da məhz bu məqsədə xidmət edir.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli Naxçıvan şəhərində yeniyetmə və gənclər tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində görülmüş işlər haqqında məlumat verib, bu əlamətdar ilin əhəmiyyətini vurğulayıb.

Tədbirin davamında layihə çərçivəsində keçirilən tədbirlərdə uğur qazanmış şəxslər təltif olunublar.

Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının uşaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin üzvləri, Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət məktəbinin rəqs kollektivi qonaqlara xoş anlar yaşadıb, DJ ZEO maraqlı musiqi nömrələri ilə tədbirə rəng qatıb.

Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Təmiz ətraf mühit, sağlam həyat” sosial aksiyası çərçivəsində görülən işlərlə bağlı hazırlanmış videoçarx təqdim olunub.