Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev vətəndaşları qəbulu edib

Mayın 27-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb.
Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də Pekinə səfəri zamanı hər iki ölkə üçün mühüm əhəmiyyəti olan “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu” imzalanmasından bəhs edib.
Eyni zamanda imzalanmış “Niyyət Məktubu” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin nümayəndə heyəti ilə Urumçi şəhərinin Meri cənab Yaqub Paydullanın rəsmi dəvəti ilə Urumçi şəhərinə səfər etməsindən və bu səfər çərçivəsində aparılmış danışıqlardan bəhs edib.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən yararsız vəziyyətdə olan yollarının asfaltlanmasından, su xətlərinin yenisi ilə əvəz edilməsindən, dam örtüyü yararsız olduğu üçün yağış sularının evinə ziyan vurmasından, yaşayış binalarının həyətlərində olan ağacların suvarılmasına köməklik göstərilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.