Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən məsələlərin yerində araşdırılması və operativ həlli məqsədilə 25 fevral 2026-cı il tarixdə 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin, Xocalı qurbanlarının və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, yerlərdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində məqsədyönlü tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Eyni zamanda Əhməd Vəliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalıda dinc sakinlərə qarşı törədilmiş amansız soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxdığını vurğulayıb. O bildirib ki, bu faciə xalqımızın tarixində ən ağır və ağrılı səhifələrdən biridir.
Qeyd olunub ki, son illərdə Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət nəticəsində Xocalı qurbanlarının qisası alınıb, ölkəmizin ərazi bütövlüyü təmin edilib. Həmçinin ölkə başçısının Xocalı şəhərinin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində imzaladığı sərəncamlar barədə qəbul iştirakçılarına ətraflı məlumat verilib.
Bununla yanaşı, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Xocalı soyqırımına həsr olunmuş anım və maarifləndirici tədbirlər barədə də iştirakçılar məlumatlandırılıb.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Qaldırılan problemlərin həlli məqsədilə məsul şəxslərin iştirakı ilə müvafiq tapşırıqlar verilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə icrası üçün aidiyyəti dövlət qurumlarına yönləndirilməsi məqsədilə qeydiyyata alınıb.
Vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığına və əvvəlki səyyar qəbullarda qaldırdıqları məsələlərin operativ həllinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tabeliyində olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.