Naxçıvan şəhər çimərliyində növbəti mövsümün başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri iştirak ediblər.
İcra hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrini icra edən Səftər Abdullayev çıxış edərək bildirib ki, Uzunoba çimərlik istirahət zonasında insanların istirahəti, eləcə də müxtəlif idman növləri üzrə yarışların keçirilməsi üçün yüksək şərait yaradılıb. Burada yaradılan şərait isti yay günlərində sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkilinə imkan verəcək ki, bu da muxtar respublikada insanların sağlamlığının qorunması və istirahətinin səmərəli təşkilinə göstərilən diqqətin ifadəsidir.
Sonra Gənclər və İdman Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri çıxış edərək çimərlik mövsümündə görüləcək işlər və təhlükəsizlik qaydaları barədə danışıblar.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təlim və kurslarda iştirak etmiş xilasetmə qrupunun xidmət aparacağı çimərlikdə müvafiq xəbərdaredici nişanlar quraşdırılıb.
Çimərlik saat 9:00-dan 19:00-dək fəaliyyət göstərəcək.