9 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramazan Nəsirov, 13 nömrəli tam orta məktəbin hərbi rəhbəri Ramiz Bağırov və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Tumbul kənd kitabxana filialının müdiri Gülsüm Əliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və dövlətçilik xəttinin Azərbaycan dövlətinin möhkəmlənməsində oynadığı tarixi roldan danışıblar.
Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev ömrünü Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafına, xalqımızın firavanlığına və ölkəmizin dünya birliyində layiqli yer tutmasına həsr edib. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin ideyaları və müəyyən etdiyi inkişaf strategiyası bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin suverenliyi və dövlətçilik ənənələri daha da möhkəmləndirilir.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.