Dekabrın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” münasibətilə keçirilən tədbirdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda qəhrəmancasına canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir zamanı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə cari il ərizdə görülən işlər haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası bu 100 il ərzində öz muxtariyyətini və milli kimliyini qorumaq üçün böyük çətinliklərdən keçib. Xalqımızın fədakarlığı və birliyi sayəsində doğma yurdumuz nəinki bu çətinliklərin öhdəsindən gəlmiş, həm də böyük uğurlara imza atmışdır. Müstəqilliyimizin ilk illərində çətin, blokada şəraitində yaşayan Naxçıvan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və Cənab Prezidentimiz İlham Əliyevin səyləri sayəsində bu gün bir inkişaf mərkəzinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib.
Bu gün Naxçıvan bütün sahələrdə mühüm uğurlar qazanaraq Azərbaycan Respublikasının inkişafında böyük töhfə verir. Regionun tarixi abidələri bərpa edilir, turizm potensialı inkişaf etdirilir, müasir infrastruktur qurulur.
Həmçinin İcra başçısı vurğulayıb ki, 2024 - cü il Azərbaycan üçün mühüm tarixi hadisələrlə yadda qaldı. Ölkəmiz bir çox mühüm tədbirlərə ev sahibliyi etdi və Naxçıvan Muxtar Respublikasının inkişafı üçün əhəmiyyətli dövlət proqramları qəbul edildi. İnanıram ki, bir neçə gündən sonra qarşılayacağımız 2025 - ci il də həm ölkəmiz, həm də hər bir vətəndaşımız üçün daha uğurlu bir il olacaq. Yeni ildə bizi daha böyük hədəflər gözləyir. Vətəndaşlarımızın rifahını artırmaq, dövlətimizi daha da gücləndirmək üçün ölkə başçımız Prezident cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tədbir iştirakçılarını bayramlar münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə cari il ərzində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlərdə, aksiyalarda və yarışlarda fərqlənən şəxslər və müxtəlif beynəlxalq səviyyəli tədbir və olimpiadalarda qalib olan şagirdlər təltif olunublar.
Tədbirin sonunda Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq-musiqi, bədii sənətkarlıq və incəsənət məktəbləri, "Araz" instrumental ansamblı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "İncilər" rəqs qrupu və Naxçıvan şəhər 12 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında şeir, mahnı və rəqs nömrələrindən ibarət konsert proqramı nümayiş olunub.