Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti və Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin təşkilatçılığı ilə 29 iyun 2024-cü il tarixdə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və Vətənimiz uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək bildirib ki, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında bu tədbirin təşkil olunması çox böyük əhəmiyətə malikdir. Akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

Qeyd olunub ki, bu gün dövlətimizin gücü, qüdrəti sayəsində ən vacib sahələrdən biri olan səhiyyə müasir infrastruktura malik sahələrdəndir. Bu gün səhiyyə sistemi, həkimlərimiz hər cür qayğıyla əhatə olunublar.

Poliklinikanın Baş həkimi Ləman İbrahimova öz çıxışında səhiyyə müəssisəsinin yaradılması tarixindən və həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Ləman İbrahimova bildirib ki, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası bu gün müasir tibb xidməti göstərən səhiyyə müəssisəsi olmaqla muxtar respublikada bu sahənin inkişafında özünəməxsus rola malikdir.

Poliklinikanın həkimi, oftalmoloq Kamilə Orucəliyeva çıxış edərək görkəmli akademikin yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etdiyini bildirib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib və Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir deyə qeyd olunub.