Dekabrın 23-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şəhid ailələri üçün tədbir keçirilib.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda qəhrəmancasına canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Azərbaycanın ən ali dəyərlərinin daşıyıcıları, qəhrəmanlıq nümunəsinin simvolu olan Şəhid ailələri ilə bir araya gəlməyin xüsusi bir mənaya malik olmasını bildirib.
İcra Başçısı vurğulayıb ki, siz bizim xalqımızın ən əzizi, ən böyük hörmətə layiq olan şəxslərisiniz. Sizin övladlarınız, həyat yoldaşlarınız və yaxınlarınız ən qiymətli sərvətlərini – öz həyatlarını Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və gələcəyi uğrunda fəda etdilər. Xalqımız hər zaman bu dəyərli Vətən övladları ilə fəxr edir və ehtiram göstərir. Bugünkü tədbirdə bu ehtiramın ifadəsidir. Bizlər hər zaman Şəhidlərimizin müqəddəs ruhuna dualar edir, onların adını əbədi olaraq yaşadacağımıza əminlik bildiririk. Yeni il sizə və ailələrinizə sağlamlıq, səbir və rahatlıq gətirsin.
Tədbirdə Şəhid ailələri adından Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri Mayis Gülməmmədovun və şəhid anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmovanın çıxışları dinlənilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə torpaq, Vətən yolunda qəhrəmancasına canlarından keçən şəhidlərimizin rəsmləri əks olunmuş xalçalar hədiyyə olunub.
Sonda Naxçıvan şəhər 8 nömrəli Körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında rəqs nümunələri, Naxçıvan şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında muğamlar, Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, prezident mükafatçısı Tural Bağırovun və həmin məktəbin saz ixtisası üzrə 3-cü sinif şagirdi Şirinzadə Mailin ifasında aşıq havaları ifa olunub. Şaxta baba, Qar qız və müxtəlif personajların iştirakı ilə Şəhid övladları üçün əyləncə təşkil olunub və onlara bayram hədiyyələri təqdim edilib.