Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib.

19-20 sentyabr 2023-cü il tarixdə keçirilən antiterror əməliyyatında həlak olan şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətini və bu sahədə maarifləndirmənin vacibliyini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli erkən nikah və onun fəsadlarından, eləcə də qohumlar arasında nikahın zərərlərindən bəhs edib. Bildirilib ki, 2025-ci il  iyulun 1-dən etibarən bu sahədə hüquqpozmalarla bağlı daha sərt tədbirlər görüləcəkdir.

Ailə dəyərlərimizin qorunmasına xidmət edən tədbirin təşkilinə görə təşəkkür edən məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva erkən nikah problemi ilə mübarizədə təhsilin əhəmiyyətini vurğulayıb.

Şagirdlərin maraqla qarşıladığı tədbirin sonunda onların sualları cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici broşürlər paylanıb.