İyunun 24-də Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı ilə Saat Meydanı İstirahət Mərkəzində ali təhsil ocağının tarixində sayca 55-ci “Məzun Günü” keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə universitetin rəhbər və akademik heyəti, fəxri məzunlar, ziyalılar, ictimai şəxslər, tələbələr və valideynlər olmaqla dörd mindən artıq şəxs iştirak edib.
Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev də iştirak edib.
Tədbir Naxçıvan Dövlət Universitetinin tanıtım videoçarxının nümayişi ilə başlayıb. Sonra musiqi sədaları altında təntənəli məzun keçidi ilə davam edib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin çıxışı dinlənilib, ardınca Naxçıvan Dövlət Universitetinin nəzdindəki Musiqi Kollecinin təqdimatında “Atəşgah” adlı rəqs nömrəsi nümayiş olunub.
Naxçıvan Dövlət Universitetinin “ALABANDA” rock qrupunun ifası səsləndikdən sonra, təhsil müddətində ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, “Məzun kötüyünə” xatirə lövhəsi vurulub.
Tədbirdə Bakıdan dəvət olunmuş “Mardan” qrupunun ifasında rəngarəng musiqi nömrələri dinlənilib.
Sonda məzunların papaqatma mərasimi və möhtəşəm atəşfəşanlıq baş tutub. “Məzun günü” münasibəti ilə yaddaqalan tədbir proqramı təqdim olunub.