Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib.
5 noyabr 2024-cü il tarixdə Naxçıvan Gənclər Mərkəzində keçirilən İntellektual Oyunun açılış mərasimində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova Zəfər Gününün Azərbaycan xalqının öz inancını, iradəsini və qətiyyətini bütün dünyaya nümayiş etdirdiyi böyük qələbə günü olduğunu bildirib.
İcra hakimiyyəti başçısının müavini qeyd edib ki, 27 sentyabr 2020-ci ildə başlanan bu qələbə yolu 44 gün sonra 8 noyabr 2020-ci ildə Böyük Zəfərlə yekunlaşdı. Bu tarixi günü xalqmıza yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkür edir, qazilərimizə can sağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Sonra Müəllimlər İnstitutunun Tələbə gənclər təşkilatının sədri Altay Cəfərli oyunun qaydaları haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
İntellektual oyunda Naxçıvan Müəllimlər İnstitutunun tələbələrindən ibarət 5 komanda: - Turan, İstiqlal, Victory, Karma və Topçular komandaları iştirak edib. 2 turdan ibarət oyunun nəticələrinə əsasən Turan komandası I, İstiqlal komandası II, Victory komandası isə III yerə layiq görülüb.
Uğur qazanan komandalar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təltif olunublar.