Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan Bayrağımız

Hər bir dövlətin müstəqilliyi və suverenliyi həm də onun rəmzlərində ifadə olunur. Xalqın tarixi keçmişini, milli-mənəvi dəyərlərini, mədəniyyətini və ideallarını özündə ehtiva edən bu rəmzlər millətin varlığının sübutu, müstəqil dövlətə sahib olmaq bacarığının əsas göstəricisidir.
Müasir Azərbaycan dövlətinin rəmzlərindən biri də bizim üçrəngli bayrağımızdır. Bayrağımızın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqımızın hansı etnik mənsubiyyətə, mədəniyyətə və dinə sahib olduğunu, hansı amallar uğrunda mübarizə apardığını nümayiş etdirir.
Müstəqil dövlətimizin varlığını bütün dünyaya bəyan edən bayrağımız bu gün ən ali dəyərləri öz rənglərində vüqarla və iftixarla daşıyır. O dəyərlər ki, onların uğrunda, himnimizdə də deyildiyi kimi minlərlə can qurban oldu. Dünən qürurla qeyd etdiyimiz Zəfər Günü də məhz mübariz xalqımızın Vətənimizə, üçrəngli bayrağımıza olan sonsuz məhəbbətinin, onu ən uca zirvələrdə dalğalandırmaq üçün ətrafında sıx birləşən, uğrunda öz canından keçən qəhrəman şəhidlərimizə yüksək ehtiramının ifadəsidir.
Müasir Azərbaycan dövlətinin üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Təəssüf ki, imperiya onu 1920-ci ildə süquta uğratdı, dövlət ilhaq edildi, lakin, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadı, yaşadıldı. Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Nəticədə 1991-ci il fevralın 5-də ay-ulduzlu, üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edildi.
Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin dövlət atributlarına, o cümlədən bayrağımıza göstərdiyi ehtiram ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən ən böyük amillərdəndir.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı isə bu istiqamətdə ən mühüm tarixi qərarlardan biridir. Həmin il dekabrın 4-də Milli Məclis 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Hazırda ölkəmizin bütün bölgələrində Dövlət Bayrağı Meydanlarının yaradılması da Prezident İlham Əliyevin Azərbaycan bayrağına diqqətinin və ehtiramının ifadəsidir.
Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, şanlı bayrağımız suveren Azərbaycanın bütün bölgələrində, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Xocalıda, Xankəndidə, Laçında, Şuşada, Xudafərin körpüsündə vüqarla dalğalanır.
Bayrağımız daim ən uca zirvələrdə dalğalansın!
Dövlət Bayrağı gününüz mübarək olsun!