Mayın 27-da Naxçıvan Şəhər İcra Hakimiyyətində "Konstitusiya və Suverenlik İli" çərçivəsində 28-May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda konfrans keçirilib.
Konfransa başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Televiziyası tərəfindən 28 May “Müstəqillik Günü” münasibəti ilə hazırlanmış videoçarx izlənilib.
Konfransda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək bildirib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə dövlətçilik tariximizin deyil, bütün Şərqin ilk parlamentli, demokratik respublikası kimi dünya siyasi tarixində də xüsusi yer tutur. Təəssüf ki, həmin dövrdə müstəqilliyimizin ömrü çox uzun olmadı, cəmi iyirmi üç aydan sonra respublika süqut etdi. Bu da onu göstərdi ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətindir.
1918-ci ildə müstəqilliyimizin simvolu kimi qaldırılan bayraq 1920-ci ildə endirildi.
Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldıraraq təsis etdi. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır.
Gülxanım Orucova qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan regionun aparıcı gücünə çevrilib, ərazi bütövlüyümüz təmin olunub, dövlət müstəqilliyimiz daha da möhkəmləndirilmişdir. Bu uğurlar sayəsində Azərbaycan 2020-ci ildə tarixində dönüş nöqtəsi olan 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz xalqımızın 30 illik həsrətinə son qoydu və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu Qələbə təkcə hərbi zəfər deyil, milli birliyin, siyasi qətiyyətin və xalq-iqtidar birliyinin təntənəsi idi.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan dövlətçiliyini daha da gücləndirmək, idarəetmədə səmərəliliyi artırmaq və vətəndaşların hüquq və azadlıqlarını daha da dolğun təmin etmək məqsədi daşıyır.
Vurğulanıb ki, bu gün Azərbaycan dövləti öz tarixinin ən güclü və ən qüdrətli mərhələsini yaşayır. Biz də hər birimiz xalq olaraq dövlətimizi dəstəkləməli və müstəqilliyimizin daim əbədi olması üçün çalışmalıyıq.
Daha sonra mövzu ətrafında Naxçıvan Muxta Respublikası Ali Məclisinin deputatı, Tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun, Naxçıvan Muxta Respublikası Ali Məclisinin deputatı, Filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədovanın, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadovun və Naxçıvan Dövlət Universitetinin Hüquqşunaslıq ixtisasi üzrə I kurs tələbəsi Xaliq Orucovun çıxışları dinlənilib.
Bildirilib ki, Müstəqillik – sadəcə bir hüquqi status deyil, bir xalqın kimliyidir, mənəviyyatıdır, tarixdə mövcudluğunun rəmzidir. Məhz buna görə də dövlət müstəqilliyi hər bir vətəndaş üçün müqəddəsdir.
Azadlıq və istiqlaliyyəti hər bir xalqın milli sərvəti hesab edən Ulu Öndər haqlı olaraq qeyd edirdi ki, müstəqilliyin əldə olunması nə qəddər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Bütün bunların fonunda Ümummilli Lider ən çətin illərdə müstəqil Azərbaycan dövlətini qorumaqla dahiliyini, böyüklüyünü bir daha nümayiş etdirdi. Bu gün bütövləşən, qüdrətli, müstəqil Azərbaycan ona görə mövcuddur ki, xalqımızın Heydər Əliyev kimi övladı olub.