Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Emin Tarverdiyev Naxçıvanda reallaşan layihə barədə məlumat verib. O cümlədən Naxçıvanda 7 təlimin baş tutmasında əməyi keçən hər bir kəsə təşəkkür edib. Daha sonra "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov çıxış edib. Naxçıvanda belə təlimlərə ehtiyac olduğunu bildirən birlik sədri "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinə və təlim iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxışında qonaqları salamlayaraq təlimin faydalılığına toxunub. Uzun illər özünün də qeyri-hökumət təşkilatlarında çalışdığını deyən Gülxanım Orucova belə təlimlərin onlara gətirə biləcəyi uğurlardan danışıb: "Qeyri-hökumət təşkilatlarının əsas işlərindən biri də əhalinin maarifləndirilməsidir. Bu gün "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvanda baş tutan bu təlimi inanıram ki, sizlərə də uğur qazandıracaq. Bu təlimlərin əsas donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də rolu danılmazdır və biz onların hər birinə təşəkkür edirik".
Tədbirdə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinə verdikləri dəstəyə görə, muxtar respublikanın 8 icra hakimiyyəti, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyi, o cümlədən 22 iyul Milli Mətbuat Günü münasibətilə Naxçıvan Televiziyası, "Şərq qapısı" qəzeti, "Nuhçıxan" İnformasiya portalı, "Naxçıvan xəbərləri" saytı, “Baku TV”-nin və "APA Media Group”un Naxçıvan müxbirləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyinin mətbuat katibi Günay Malikqızı hədiyyə plaketləri ilə mükafatlandırılıblar.
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib, ilkin biznes mərhələsinə start vermək üçün lazımi məlumatlar verilib.