Müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin təşkili ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamı ilə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə və yerli icra hakimiyyəti orqanlarına sahibkarlıq subyektlərini cəlb edərək sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır.
Bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar təşviqat tədbiri keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun müdiri İqbal Allahverdiyev iştirakçılara tədbirin məqsədi barədə ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İlahə Rəsulova və Kazım Rzayev müvafiq Sərəncamın icrası ilə əlaqədar görüləcək işlər və qanunvericiliyin tələbləri mövzularında çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Heyvan kəsimi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin iştirak etdiyi tədbirin sonunda sahibkarlara maarifləndirici bukletlər paylanıb.