Müasir dövrdə dövlətlərin gücü təkcə təbii resurslarla deyil, eyni zamanda texnologiya, innovasiya və rəqəmsal imkanlarla da ölçülür. Bu gün Azərbaycan bu iki mühüm istiqaməti: - enerji siyasəti və rəqəmsal inkişafı vahid strateji xətt üzrə birləşdirərək yeni mərhələyə qədəm qoyur.
Fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edən Prezident İlham Əliyev bu mühüm məqamı diqqətə çatdırdı:-Güclü enerji bazası həm də rəqəmsal transformasiyanın mühərrikinə çevrilməlidir.
Dövlət başçısı qeyd etdi ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bu sərmayələrin mühüm hissəsi enerji sektorunun inkişafına yönəlib. Nəticədə ölkənin generasiya gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb. Bu gün Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edir, eyni zamanda gələcək inkişaf istiqamətləri üçün möhkəm infrastruktur formalaşdırıb.
Ən diqqətçəkən məqamlardan biri isə ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücünün mövcudluğudur. Bu, sadəcə statistik göstərici deyil, həm də gələcəyin rəqəmsal iqtisadiyyatı üçün hazır enerji bazası deməkdir.
Bu gün qaz, hidro, günəş və külək elektrik stansiyalarının paralel inkişafı ölkəmizin enerji sistemini daha dayanıqlı və təhlükəsiz edir. Ənənəvi enerji ilə bərpaolunan mənbələrin sintezi həm iqtisadi səmərəliliyi, həm də ekoloji məsuliyyəti təmin edir.
Dövlət başçısının müşavirədə qeyd etdiyi digər bir mühüm məqam isə uzun illərdir uğurla icra edilən neft-qaz layihələrinin bugün Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı ölkə olduğunu təsdiq etməsidir. Müqavilə öhdəliklərinə sadiqlik və investisiyaların qorunması ölkəmizin iqtisadi modelinin əsas xüsusiyyətlərindəndir. Prezident vurğuladı ki, bu etibarlılıq indi yeni istiqamətdə: - Rəqəmsal dünyada aparıcı şirkətlərlə əməkdaşlıqda da özünü göstərməlidir.
Qeyd edək ki, rəqəmsal transformasiya üçün əsas şərt fasiləsiz və güclü enerji təminatıdır. Məhz bu məqamda enerji siyasəti ilə rəqəmsal strategiya arasında üzvi bağlılıq yaranır. Azərbaycanın mövcud enerji potensialı isə ölkəni regionda texnoloji və rəqəmsal mərkəzə çevirmək üçün real imkan yaradır. Bu, yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni mövqelər deməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan enerji resurslarını sadəcə ixrac potensialı kimi deyil, daxili transformasiyanın aləti kimi dəyərləndirir. Enerji gücü rəqəmsal iqtisadiyyatın qurulmasına xidmət edir, rəqəmsallaşma isə iqtisadiyyatın daha səmərəli və şəffaf idarə olunmasına şərait yaradır.
Beləliklə, enerji siyasəti ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” bir-birini tamamlayan, gələcəyə hesablanmış strateji xəttdir. Bu vəhdət Azərbaycanın inkişaf modelini yeni mərhələyə çıxarır və ölkənin regional liderlik mövqeyini daha da möhkəmləndirir.