Martın 5-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edib. Bildirilib ki, ölkəmizin hər bir guşəsində olduğu kimi Naxçıvan şəhərində də milli-mənəvi dəyərlərimizin qorunması daim diqqət mərkəzində saxlanılır. Cəmiyyət üzvlərinin, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsinə xüsusi önəm verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərimiz Azərbaycan mədəniyyətinin zənginliyindən xəbər verən başlıca meyarlardandır. Əsrdən-əsrə, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin mənəvi borcu, müqəddəs vəzifəsidir. Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi bu tarixi yol bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, milli-mənəvi dəyərlərə qayğı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova “Konstitusiya və Suverenlik İli”ndə Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizin ən böyük himayədarı olmuş, xalqımıza məxsus dəyərlərin qorunub, gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu da beynəlxalq aləmdə milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı yüksək səviyyəli fəaliyyət həyata keçirir.
Heydər Əliyev adına tam orta məktəbin direktoru Məlahət Rüstəmova vətənpərvərlik tərbiyəsinin düzgün təşkilinin əhəmiyyətini vurğulayıb. Məktəbin iki məzununun Vətən müharibəsində qəhrəmancasına şəhid olduğunu diqqətə çatdıran direktor bildirilib ki, pedaqoji kollektiv Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq qalaraq daha səylə çalışacaq, milli təhsilimizin tərəqqisi, dövlətimizin gələcəyi üçün bilikli və vətənpərvər gənclər yetişdirəcəklər.