MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLMİŞDİR

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Naxçıvan şəhər uşaq bağçalarının təsərrüfat müdirləri və qazanxana maşinistlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin bu sahəyə cavabdeh olan əməkdaşlarına payız-qış mövsümünə hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə məlumat vermək, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş qaydalara əməl olunması üçün məsul vəzifəli şəxslərin məsuliyyətini artırmaq, yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi üzrə məlumat verməkdən ibarət olmuşdur.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-Siyasi və Humanitar şöbəsinin müdir müavini Orxan Məhərrəmov Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının payız-qış mövsümünə hazırlıq istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarına məlumat vermiş, bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açmışdır.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov “Məktəbəqədər tərbiyə müəssisələrində fövqəladə hallara hazırlıq günün tələbidir” mövzusunda çıxış edərək qazanxana maşinistləri və təsərrüfat müdirlərinə bu cür hallarda zəruri olan təhlükəsizlik tədbirləri haqqında məlumat vermişdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşlarından Azadə Cəfərova “Qazanxanalarda yanğın və texniki təhlükəsizliyin təmin olunmasında əsas tələblər. Dəm qazı və ondan qorunma yolları”, Afaq Alməmmədova isə “Yаnğın və digər xoşagəlməz hallar zamanı ilkin tibbi yardım” mövzularında çıxış etmişlər.

Tədbirdə əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаrdаn istifаdə еdilib, iştirakçıları mаrаqlаndırаn suаllаr ətraflı cаvаblаndırılıb.

Tural Tapdıqlı