“Mənim hüquqlarım, mənim suverenliyim” mövzusunda maarifləndirici tədbir keçirilib

12 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaq Hüquqları Aylığı” ilə əlaqədar Heydər Əliyev adına tam orta məktəbdə “Mənim hüquqlarım, mənim suverenliyim” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirin məqsədi şagirdlər arasında Konstitusiya ilə təmin olunan hüquq və azadlıqlar barədə biliklərin genişləndirilməsi, dövlət suverenliyi anlayışının mənimsədilməsi və hüquqi məsuliyyət şüurunun formalaşdırılması olub.
Tədbirin açılışında Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək tədbirin mahiyyətindən bəhs edib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə söykənən Azərbaycan Konstitusiyası milli suverenliyimizin hüquqi təməli olmaqla bərabər, həm də hər bir vətəndaşın azad və təhlükəsiz gələcəyinin qarantıdır.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasının milli dövlətçiliyimizin ən ali hüquqi təminatı olduğunu vurğulayıb. Bildirib ki, Konstitusiya hər bir vətəndaşın azadlığını, hüquqlarını və təhlükəsizliyini qorumaqla yanaşı, dövlət suverenliyimizin toxunulmazlığını təmin edən başlıca hüquqi sənəddir.
Tədbir diskussiya formatında davam etdirilib, uşaqları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində mövzuya dair maarifləndirici materiallar paylanılıb.