Məktəblərdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, istiqamətində məqsədyönlü işlər görülür

Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur, onlarının ailələri daim ziyarət olunur. Şanlı zəfər yürüşündə qəhrəmanlıq göstərərək canından keçən igid oğullarımızdan biri də şəhid Amin Mayis oğlu Gülməmmədovdur.

30 may 2024-cü il tarixdə şəhidin adının əbədiləşdirilməsi məqsədilə İslam Səfərli adına Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə sinif otağına onun adı verilib, şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb. 

Şəhidin ailə üzvləri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri və məktəb kollektivinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu zəfər çalıb və Amin kimi igid oğullarımızın qanı, canı bahasına torpaqlarımız mənfur düşməndən azad edilib. 

Qeyd edilib ki, "Bayraq enməsin, Vətən bölünməsin" deyib şəhidlik zivəsinə yüksələn igid və mərd oğullarımızın adlarını yaşatmaq, onların xatirəsini əziz tutmaq bizim ən müqəddəs amalımızdır və sinif otaqlarına şəhid adlarının verilməsi də məhz bu məqsədə xidmət edir.

Tədbirin davamında məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.