Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə sinif otağına şəhid Mehbalı Fərid Kəmaləddin oğlunun adı verilib.
Bu münasibətlə 23 may 2024-cü il tarixdə tədbir keçirilib. Tədbirdə şəhid ailələri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublika üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Vətənimiz uğrunda canlarını qurban verən şəhidlərimizin hörmət və ehtiramla anılması ilə başlayan tədbirdə çıxış edənlər məktəblərdə şəhidlərin adına sinif otaqlarının yaradılmasının əhəmiyyətini vurğulayaraq bildiriblər ki, “Vətən bizə şəhidlərin əmanətidir. Bu sinif otaqlarında təhsil alan şagirdlər də Vətən sevgisini hər şeydən üstün tutan, öz canları ilə doğma yurdunu qoruyan şəhidlərimizin həyat yolunu öyrənərək onların bizə əmanəti olan müqəddəs torpaqlarımıza, bayrağımıza sonsuzadək sahib çıxacaqlar”.
Tədbirin davamında məktəblilər vətənpərvərlik mövzusunda şeirlər qiraət ediblər.