Əlincə məhəlləsində “SUVAR” ekoloji aksiyası keçirilib

1 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə “SUVAR” ekoloji aksiyası həyata keçirilib. Bu dəfəki aksiya Naxçıvan şəhərinin Əlincə məhəlləsində baş tutub.
Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra ətraf ərazidə olan ağaclar suvarılıb. Ağacların suvarılması işində könüllülərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da fəal iştirak ediblər.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsindən ibarət olub.