İyun ayının 4-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Keçirilən qəbulda vətəndaşlarla yanaşı Naxçıvan Şəhər İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər.
Qəbula başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb, həmçinin həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyini vurğulamışdır.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolu xüsusi qeyd edilib. Bildirilib ki, Dövlət Proqramına əsasən ötən dövrlərdə olduğu kimi bu ildə Naxçıvan şəhərində abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən yolların asfaltlanmasından, işıq dirəklərinin yenisi ilə əvəz edilməsindən, mülkiyyətində olan obyektdən istifadə etməsi üçün qapı açılmasına köməklik göstərilməsindən, su kanallarının yenidən açılmasından, arx suyunun yaşadığı evinə ziyan vurmasından və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə vətəndaş qəbulu keçirilməsi nəzərdə tutulub.
Vətəndaşlar müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.