Əliabad qəsəbəsində vətəndaş müraciətləri əsasında işlər davam etdirilir

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən mütəmadi olaraq vətəndaş qəbulları keçirilir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tərəfindən Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşların qəbulu zamanı sakinlərin müraciətləri əsasında Əliabad qəsəbəsində təmir-bərpa işləri görülmüşdür.
Belə ki, Əliabad qəsəbəsinin bir sıra məhəllələrində bəzi arxlar çıxarılmış, su boruları çıxarılıb təmizlənərək yenidən bərpa edilmiş, yeni su boruları salınmış, qrunt sularının qarşısının alınması üçün əlavə yeni arxlar çəkilmişdir. 
Həmçinin Əliabad qəsəbəsinin bir sıra məhəllə yollarında asfalt örtüyünün verilməsi işləri davam etdirilmişdir.
Qeyd edək ki, qəsəbənin bəzi məhəllə daxili yollarında isə su arxlarının betonlanması, yolların asfaltlanması üçün yol yatağının işlənməsi və asfalt örtüyünün verilməsi işləri həyata keçirilir.
Hazırda Əliabad qəsəbəsində işlər davam etdirilir.