“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Toğrul Salahov, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov və Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Zaur Kərimov çıxış edərək Ulu Öndərin xalqın firavanlığı, ölkəmizin inkişafı, Azərbaycan dövlətinin dünya birliyində layiqli yer tutması uğrunda göstərdiyi tarixi xidmətlərdən danışıblar.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqa və dövlətə misilsiz xidmətlərini xüsusi vurğulayıblar. Bildirilib ki, Ümummilli Liderin siyasi irsi, dövlətçilik xətti və həyata keçirdiyi genişmiqyaslı islahatlar bu gün də Azərbaycanın tərəqqi yolunu müəyyən edir və xalqımız tərəfindən daim dərin ehtiramla xatırlanır.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz və xalqımız var olduqca Ulu Öndərin əziz xatirəsi daim ehtiramla yad ediləcək, onun ideyaları yaşayaraq ölkəmizin gələcək inkişafına işıq tutacaqdır.