Əliabad qəsəbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əli Vəlizadə, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov və Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Zaur Kərimov çıxış ediblər.Çıxışlarda Ümummilli Liderin həyat yolu və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub. Vurğulanıb ki, Heydər Əliyev həyatını xalqına xidmətə həsr edib, ölkənin firavan gələcəyi üçün mühüm əsaslar yaradıb. Onun müəyyən etdiyi siyasi kurs nəticəsində Azərbaycan bu gün dinamik inkişaf edən, dünya birliyində öz layiqli yerini tutan güclü dövlətə çevrilib.Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi dövründə milli ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb, ölkənin müstəqilliyini və suverenliyini qorumağa qadir silahlı qüvvələr formalaşdırılıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonda Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Liderə həsr olunmuş şeirlər səsləndiriblər.