Əliabad qəsəbəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev fevralın 4-də Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib.
Qəbulda vətəndaşlarla yanaşı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər.
Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında qeyd edib ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi və əhalinin rifah halının daha da yüksəldilməsidir. Bu baxımdan səyyar qəbullar vətəndaşların problemlərinin yerində öyrənilməsi və vaxtında həlli üçün mühüm əhəmiyyət daşıyır.
Qəbul çərçivəsində qəsəbənin sosial-iqtisadi vəziyyəti, infrastrukturun mövcud durumu və əhalini narahat edən məişət məsələləri geniş müzakirə olunub, səsləndirilən təkliflər diqqətlə dəyərləndirilib. İcra hakimiyyətinin başçısı hər bir müraciətə həssaslıqla yanaşıldığını bildirərək, qaldırılan problemlərin mərhələli şəkildə həlli istiqamətində konkret addımların atılacağını vurğulayıb.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığını qeyd edərək, yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.