Əliabad qəsəbəsində maarifləndirici tədbirlərin keçirilməsi davam edir

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində “Yay mövsümündə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev qarşıdan gələn isti yay aylarında yanğın təhlükəsinin artdığını diqqətə çatdıraraq, xüsusilə taxıl zəmilərində biçin mövsümündə yanğınların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin əhəmiyyətindən danışıb. O, bu sahədə hər bir vətəndaşın məsuliyyətli davranmasının və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mircamal Seyidov nazirlik tərəfindən muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, qanunvericiliyə uyğun olaraq mülkiyyətlərdə, meşələrdə, taxıl və əkin-otlaq sahələrində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasında yerli özünüidarəetmə orqanlarının və vətəndaşların üzərinə düşən vəzifələrdən, həmçinin meşələrin, biçilmiş taxıl sahələrinin və əkin-otlaq ərazilərinin yandırılmasına görə nəzərdə tutulan inzibati məsuliyyət tədbirlərindən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzuya dair videoçarx nümayiş etdirilib və maarifləndirici bukletlər paylanılıb.