Laçında qardaş ölkələrin tarixi və strateji əhəmiyyətli Zirvə Görüşü

44 günlük Vətən müharibəsindən ötən 5 il ərzində işğaldan azad olunmuş digər ərazilərimiz kimi Laçın rayonu da özünün dirçəliş və sürətli abadlıq-quruculuq dövrünü yaşayır. 30 il ərzində mənfur düşmən tərəfindən rayonda bütün infrasturuktur obyektləri dağıdılsa da bu gün dövlətimizin gücünün, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Laçın ölkəmizin ən gözəl məkanlardan biridir. Hazırda Laçında 1000-dən artıq sakin məskunlaşıb və ilin sonuna qədər bir neçə min əhalinin rayonda məskunlaşması nəzərdə tutulub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri sırasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Müstəqillik Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə Laçının və bölgənin inkişafında yeni mərhələnin başlanğıcından xəbər verməkdədir.
Mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib.
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev tədbirin Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb; “Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.
Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistana ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.”
Ölkələrimiz arasındakı əlaqələrin birgə layihələr və proqramlar vasitəsilə daha da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.
Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.
Azərbaycanın hər zaman qardaş Türkiyənin və Pakistanın yanında oluduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm.
Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.
Çıxışının sonunda dövlət başçısı qardaşlığımızın əbədi olacağına əmin olduğunu qeyd edib.