
Laçının tarixi qədimdir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinə Laçın adı verilərək şəhər statusu verilib, 1930-cu il avqustun 8-də isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil olunub. Zəngin təbiəti, meşələri, yaylaqları və strateji coğrafi mövqeyi ilə seçilən rayon Azərbaycanın mühüm strateji əhəmiyyətə malik bölgələrindən biridir.
Lakin 1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi şəhərin və rayonun tarixində ağır bir faciə səhifəsi açdı. İşğal nəticəsində əhali doğma yurdlarından didərgin salındı, minlərlə insan həlak oldu və itkin düşdü. Rayonun sosial infrastrukturu, mədəniyyət və təhsil müəssisələri, tarixi abidələri dağıdıldı və talan edildi. Laçının təbii sərvətlərindən qanunsuz istifadə olunması və demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş siyasət də işğalın ağır nəticələrindən oldu.
Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının taleyində dönüş nöqtəsinə çevrildi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Beləliklə, 26 Avqust Azərbaycan xalqının tarixi ədalətin bərpasını və Laçının azadlığını təcəssüm etdirən mühüm tarix kimi yaddaşlara həkk olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi və 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir.
Bu gün Laçın Zəfərdən sonra Azərbaycanın həyata keçirdiyi böyük quruculuq siyasətinin ən parlaq nümunələrindən birinə çevrilib. Şəhərdə müasir yaşayış binaları, sosial obyektlər, yollar və mühüm infrastruktur layihələri inşa olunur. Doğma yurdlarından illərlə ayrı düşmüş laçınlıların mərhələli şəkildə şəhərə qayıdışı təmin edilir. Laçında aparılan quruculuq işləri Prezident İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikrinin real nəticələrini nümayiş etdirir.
Bu gün Laçın öz tarixinin yeni mərhələsini yaşayır. Burada hər yeni bina, salınan yol, istifadəyə verilən enerji obyekti və doğma torpağına qayıdan hər bir ailə Azərbaycanın Zəfər tarixinin canlı təcəssümüdür.
26 Avqust – Laçın Şəhəri Günü bizə bir daha göstərir ki, tarixi torpaqlarımız üzərində həyat yenidən canlanır. Laçın artıq işğalın ağrısını deyil, Zəfərin sevincini, quruculuğun əzmini və gələcəyə inamı təcəssüm etdirir. Bu gün Laçın Azərbaycanın qüdrətinin, dövlət iradəsinin və xalqımızın sarsılmaz torpaq sevgisinin rəmzi kimi yeni tarixini yazır.