Fevralın 10 -da şəhid Ələkbərov Bağır Əsəd oğlunun doğum günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov və digər çıxış edənlər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 gün ərzində torpaqlarımızı düşmən işğalından azad etməsindən, şəhidlərimizin şücaətindən danışaraq, qazanılan qələbənin hərb tarixində analoqunun olmadığını vurğulayıblar. Qeyd edilib ki, şəhidlərimizin əziz xatirəsi heç bir zaman unudulmayacaq, onların qəhrəmanlığı gənclərimiz və gələcək nəsillərimiz üçün bir örnək olacaqdır.
Çıxışlardan sonra 16 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən şəhid Bağır Ələkbərovun xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirdən sonra Cahan mərasim evində şəhidimizin xatirəsinə ehsan süfrəsi verilib, ruhuna dualar oxunub.