“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq “Vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Fevralın 17-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, şəhər tam orta məktəblərinin şagirdləri iştirak ediblər. 

Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin üzə çıxarılması, məktəblilərin rəssamlıq sahəsində yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə imkan yaradılması olub. Müsabiqə şərtlərinə əsasən verilmiş vaxt ərzində şagirdlər rəsm əsəri hazırlayıb və təqdim ediblər. 

Münsiflər heyətinin verdiyi qərara əsasən Tamara Əliyeva (12 nömrəli tam orta məktəb) I yerə, Sevgi Quliyeva (7 nömrəli tam orta məktəb), İlknur Əlizadə (3 nömrəli tam orta məktəb) II yerə, Cənnət Hacılı (16 nömrəli tam orta məktəb), Aysun Məmmədova (17 nömrəli tam orta məktəb) III yerə layiq görülüblər.

 Müsabiqədə yer tutan və fərqlənən şagirdlər diplom və fəxri fərmanlar, həmçinin hədiyyələr ilə mükafatlandırılıblar.