“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq “Suveren dövlət, güclü vətəndaş” mövzusunda tədbir keçirilib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 avqust 2025-ci il tarixində Əliabad qəsəbəsində “Suveren dövlət, güclü vətəndaş” adlı tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sahə və inzibati ərazi dairəsi üzrə nümayəndələri, mənzil istismar idarələrinin rəisləri, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi və Naxçıvan şəhər 1 nömrəli mədəniyyət evi əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini Orxan Məhərrəmov giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən bəhs edib, il ərzində bu istiqamətdə keçirilən tədbirlər və görülmüş işlər barədə məlumat verib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri İsa Allahverdiyev çıxış edərək 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilməsinin ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirilib ki, bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili və Ermənistan ordusu üzərində qazanılan tarixi Zəfərin 5 ili tamam olur. Prezident İlham Əliyev tərəfindən imzalanan bu Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün yeni imkanlar yaradır.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan xalqı əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı, canı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub, bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib.Xalqımız bu il böyük qürur və fəxarət hissi ilə müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin 5-ci ildönümünü təntənə ilə qeyd edir. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan “Konstitusiya və Suverenlik İli” tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq.