Aprelin 4-də Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Orxan Məhərrəmov yeniyetmə və gənclərin, məktəblilərin milli-mənəvi ruhda tərbiyəsi və müvafiq istiqamətdə maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Müşərrəf Bağırova və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova mövzu ətrafında çıxışlar ediblər. Bildirilib ki, milli adət-ənənələr xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının təzahürüdür. Milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində xüsusilə uşaq, yeniyetmə və gənclərin tərbiyəsində, mənəvi aləmlərinin zənginləşməsində milli ideologiyamızın təbliğ və təşviq edilməsi önəmli rola malikdir.
Sonda diskussiya formatında keçən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.