Mayın 16-da Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Naxçıvan Şəhər Təhsil Şöbəsinin və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səfəralı Vəliyev, Naxçıvan Şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Abbasəli Həsənov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Elşən Rəfiyev və Naxçıvan Şəhər Polis İdarəsinin Veteranlar şurasının sədri Mübariz Quliyev çıxış edərək yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idmanla məşğul olmaları, uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi, erkən nikahın fəsadları, idmanın insan sağlamlığı üçün faydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirin keçirilməsində əsas məqsəd idmanın insan sağlamlığı üçün faydalarından, eləcə də tütün məhsullarının, spirtli və enerji içkilərinin istifadəsinin zərərli təsirlərindən, erkən nikahların təşkilinə və həyata keçirilməsinə görə cinayət və inzibati məsuliyyət nəzərdə tutan yeni normaların nəzərə alınmasından ibarət olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bəhs edilən mövzular ətrafında videoçarx nümayiş etdirilib.