3 dekabr 2025-ci il tarixdə “25 noyabr - Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü”nə dair 16 günlük kampaniya çərçivəsində “Qız uşaqlarının təhsil hüquqlarının qorunması və təhsil sistemində gender stereotiplərinin aradan qaldırılması” mövzusunda maarifləndirici təlim keçirilib.
Naxçıvan Qızlar Liseyində keçirilən təlimi giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açaraq mövzunun əhəmiyyətindən bəhs edib.Daha sonra Naxçıvan Qızlar Liseyinin direktoru İlahə Fərəcova çıxış edərək bildirib ki, təhsildə gender bərabərliyinin təmin olunması cəmiyyətin inkişafında mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, təhsil müəssisələrində gender bərabərliyinin təşviqi və stereotiplərin aradan qaldırılması gənc nəslin daha şüurlu, bilikli və fəal vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva mövzu ilə əlaqədar təqdimatla çıxış edərək bildirib ki, qız uşaqlarının təhsil sistemində hüquqlarının qorunması və gender stereotiplərinin aradan qaldırılması mövzusu cəmiyyətin inkişafı və sosial ədalət baxımından son dərəcə əhəmiyyətlidir. Təhsil hər bir insanın, xüsusən də qız uşaqlarının fundamental və ayrılmaz hüququdur. Lakin dünyadakı təcrübə göstərir ki, əksər ölkələrdə hələ də qız uşaqlarının təhsil almasına qarşı müxtəlif maneələr mövcuddur. Bu maneələr həm sosial, həm də mədəniyyətlə bağlıdır. Belə maneələrin aradan qaldırılması üçün cəmiyyətdə gender bərabərliyinin təşviqi və təhsil sistemindəki gender stereotiplərinin ortadan qaldırılması vacibdir.
Təlim diskussiya şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb.