Martın 6-da Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları və məktəbin şagirdlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd Polis Akademiyasında təhsil almaq arzusu olan namizədlərin seçilməsi, o cümlədən daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri, üstün cəhətləri və erkən nikahların təşkilinə və həyata keçirilməsinə görə cinayət və inzibati məsuliyyət nəzərdə tutulan yeni normaların nəzərə alınması mövzularında söhbətlərin aparılmasından ibarətdir.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səfəralı Vəliyev, Naxçıvan Şəhər Polis İdarəsinin kadr və peşə hazırlığı üzrə baş inspektoru polis mayoru Bahadur Maxsudov və Naxçıvan Şəhər Polis İdarəsinin Veteranlar şurasının sədri Mübariz Quliyev çıxış edərək mövzular barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bəhs edilən mövzular ətrafında videoçarx nümayiş etdirilib.