Yanvarın 30-da Naxçıvan şəhər Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin iclas zalında valideynlərin iştiraki ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov erkən nikahın uşaq hüquqlarını pozmasından və bu istiqamətdə maarifləndirmə işinin mahiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi gələcəkdə bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına yönəldilib.
Qeyd edək ki, dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah probleminin də aradan qaldırılması üçün ailələr, ayrı-ayrılıqda mübarizə aparmalı, hər kəs bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.
Diskussiya formatında keçirilən tədbirin sonunda iştirakçılara maarifləndirici broşürlər paylanıb.