"Konstitusiya – hüquqlarımızın və azadlıqlarımızın təminatıdır” mövzusunda maarifləndirici təlim keçirilib

23 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya – hüquqlarımızın və azadlıqlarımızın təminatıdır” mövzusunda maarifləndirici təlim keçirilib.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə keçirilən təlimi giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova çıxış edərək Konstitusiyanın qəbulunun 30 illiyi, onun uşaq hüquqlarının təmin edilməsindəki rolu və Azərbaycanın müstəqillik tarixi barədə danışıb. Həmçinin qeyd edib ki, gənc nəslin hüquqi biliklərinin artırılması və onlarda vətəndaşlıq məsuliyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Məktəblərdə keçirilən bu kimi təlimlər şagirdlərin hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verir və onların gələcəkdə qanunlara hörmət edən vətəndaş kimi formalaşmasına xidmət edir.
Sonra məktəbin direktoru Tahirə Qasımova çıxış edərək təlimin təşkilatçılarına minnətdarlığını bildirib və bu cür təlimlərin keçirilməsinin şagirdlərin şəxsiyyət kimi formalaşmasına, vətəndaşlıq şüurunun inkişafına, eləcə də öz hüquq və vəzifələrinin öyrənilməsinə mühüm töhfə olduğunu qeyd edib.
Sonra interaktiv sual-cavab sessiyasında şagirdlər Konstitusiya və suverenlik mövzusunda öz fikirlərini bölüşüblər. Şagirdlərin hüquqi biliklərini artırmaq, vətənpərvərlik ruhunu gücləndirmək və dövlətçilik şüurunu inkişaf etdirmək məqsədilə keçirilən təlimin sonunda iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.