44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Zülmdən, zülmətdən qurtulan doğma torpaqlarımızda şəhərlər, kəndlər bərpa edilir, müasir elektrik stansiyaları, geniş yollar, sosial obyektlər istifadəyə verilir. Əlbəttə ki, bu istiqamətdə həyata keçirilən bütün irimiqyaslı layihələr, uğurla icra olunan Dövlət Proqramları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və dövlətimizin iqtisadi gücünün təntənəsidir.
Bu mənada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər şəhərinə səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə ərazilərimizdə gedən inkişafın və dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir.
Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı buraya köçən sakinlərlə görüşərək çıxış edib.
32 ildən sonra doğma Vətəninə, doğma şəhərinə qayıdan Kəlbəcər sakinlərini təbrik edən Prezident İlham Əliyev bildirib ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək.
Dövlət başçısı bildirib ki, bu gün ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız.
Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir.
Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarımızı qoruya bilmədi, ya da qorumaq istəmədi.
Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. Ondan sonrakı dövrü hamımız yaxşı xatırlayırıq. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı.
Hələ 2003-cü ildə prezident vəzifəsinə seçiləndə və ondan sonrakı dövrlərdə dəfələrlə demişdim hər gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi 10 minlərlə Azərbaycan əsgər və zabitinə borcluyuq.
2023-cü ilin 19-20 sentyabr tarixinin 8 noyabr qədər şərəfli və tarixi günlər olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, o vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.
Prezident bildirib ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur.
Prezident vurğulayıb ki, Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq.