Kəlbəcər: Hər daşı-qayası tarix olan diyar

25 noyabr Azərbaycan tarixinə Kəlbəcərin işğaldan azad edildiyi şərəfli gün kimi yazılıb.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 25 noyabr ölkəmizdə Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Azərbaycanın ən mənzərəli və səfalı rayonlarından biri olan Kəlbəcər 1993-cü il aprelin 2-də erməni işğalçıları tərəfindən işğal olunmuşdu. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. İşğal zamanı Kəlbəcərdə 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, bu gün Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşmüş, onlara yeni mənzillərin açarlarını təqdim etmişlər. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülmüşdür.
Kəlbəcərdə sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev deyib: “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.”
Dövlət başçısının tapşırığına əsasən aparılan quruculuq işləri çərçivəsində rayonda “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Zar” Kiçik Su Elektrik stansiyaları (KSES), həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyası, habelə 110/35 kV-luq “İstisu” yarımstansiyası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” Kiçik Su Elektrik stansiyaları istismara verilib. Həmçinin, 2024-ci il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılış mərasimlərində iştirak ediblər.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Onlar Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib, şəhərdəki 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Həmin gün Prezident İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib, Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin və şəhər parkının təməlini qoyub.
Bir sözlə, Kəlbəcərdə aparılan nəhəng quruculuq işləri bu dağlar diyarının gözəl gələcəyindən, “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş regionların iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.