IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun növbəti ifadəsidir

Müasir dövrdə dünyada informasiya təhlükəsizliyinin təmin edilməsi, media məsuliyyətinin artırılması, regional əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi prioritet istiqamətlərindən biri hesab olunur.
Bu baxımdan 13-14 iyul 2026-cı il tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu ölkəmizin beynəlxalq əməkdaşlığın təşviqinə verdiyi önəmin, qlobal informasiya məkanında etibarlı tərəfdaş kimi artan nüfuzunun, sülh gündəliyinə sadiqliyinin və açıq kommunikasiya siyasətinin bariz göstəricisidir. Forumun Şuşa şəhərində keçirilməsi həm də işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinin uğurla davam etdiyini, Azərbaycanın suverenliyinin daha da möhkəmləndiyini və ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək potensialını bir daha nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu mühüm beynəlxalq tədbirdə iştirak edərək çıxış etmişdir. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beyin mərkəzləri nümayəndələrinin iştirak etdiyi forumda dövlətimizin başçısının səsləndirdiyi fikirlər yalnız ölkəmiz üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün mühüm siyasi, diplomatik və strateji əhəmiyyət daşıyır.
Dövlət başçısı öz çıxışında Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq nəqliyyat və enerji layihələrindən bəhs edərək ölkəmizin Avropa ilə Asiya arasında etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmləndiyini diqqətə çatdırmışdır.
Prezident bildirmişdir ki, informasiyanın sürətlə yayıldığı bir dövrdə həqiqətin qorunması, dezinformasiyaya qarşı effektiv mübarizə və obyektiv jurnalistika prinsiplərinə sadiqlik beynəlxalq ictimaiyyət üçün əsas prioritetlərdən biri olmalıdır. Bu baxımdan media yalnız xəbər çatdıran vasitə deyil, eyni zamanda sülhün, qarşılıqlı etimadın və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm təsir imkanlarına malik strateji platformadır.
Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan regionda sabitliyin və uzunmüddətli əməkdaşlığın tərəfdarıdır və bu məqsədlə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan konstruktiv siyasət həyata keçirir.
Beləliklə, Şuşadan verilən mesajlar təkcə Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması ilə məhdudlaşmır, eyni zamanda, illərdir ölkəmiz haqqında qərəzli yanaşmalar sərgiləyən, faktları təhrif edən və həqiqəti əks etdirməyən məlumatlar yayan "xəbər istehsalçılarına”, bəzi informasiya mərkəzlərinə də tutarlı cavab xarakteri daşıyır.
Eyni zamanda xarici jurnalistlərin hadisələri yerində izləməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramının real nəticələri, müasir şəhər və kəndlərin inşası, tarixi-mədəni irsin bərpası ilə birbaşa tanış olması dezinformasiya üzərində qurulmuş təbliğatın təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir.
Məhz buna görə IV Şuşa Qlobal Media Forumu informasiya savaşında Azərbaycanın üstünlük qazandığı mühüm platformalardan biri kimi çıxış edir. Burada səsləndirilən faktlar, nümayiş etdirilən real mənzərə və Prezident İlham Əliyevin açıq dialoq formatında bütün suallara ətraflı cavab verməsi göstərir ki, Azərbaycan həqiqətləri gizlətməyə deyil, onları beynəlxalq ictimaiyyətə olduğu kimi təqdim etməyə üstünlük verir. Bu isə birtərəfli yanaşmalar üzərində qurulan informasiya kampaniyalarının etibarlılığını sarsıdır, beynəlxalq ictimai rəydə daha obyektiv baxışın formalaşmasına xidmət edir.
Şuşadan dünyaya ünvanlanan çağırışlar bir daha təsdiq edir ki, etibarlı informasiya, peşəkar media və qarşılıqlı etimad sülhün və davamlı inkişafın əsas dayaqlarıdır.