İtaliya Prezidenti Sercio Matrellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə güclü təkan verir

Azərbaycan-İtaliya münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə həmişə nümunəvi xarakter daşıyıb. Bu gün İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında uğurla inkişaf edən enerji əməkdaşlığı isə bu münasibətlərin əsas sütununu təşkil edir. Azərbaycan nefti illərdir İtaliyanın enerji balansında önəmli yer tutur. 2020-ci ildən etibarən isə “Trans-Adriatik” boru kəməri (TAP) vasitəsilə Azərbaycan qazı İtaliya bazarına daxil olur ki, bu həmçinin Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini daha da gücləndirir.
Qeyd edək ki, Azərbaycan-İtaliya əməkdaşlığı təkcə energetika ilə məhdudlaşmır. Bu gün İtaliyanın aparıcı şirkətləri ölkəmizdə həyata keçirilən iri infrastruktur layihələrində, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində yaxından iştirak edirlər. Əlbəttə ki, Qarabağın bərpasında İtaliyanın fəallığı iki ölkə əlaqələrinə yeni siyasi və iqtisadi məna qatır.
Münasibətlərin inkişafında mədəni və təhsil əlaqələri də əhəmiyyətli rola malikdir. Bu gün Romada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi xalqlarımızı daha da yaxınlaşdırır, Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti isə iki ölkə arasında təhsil sahəsində yeni səhifə açır.
Bu mühüm məqam sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatla çıxış zamanı da qeyd edilib.
Dövlət başçısı bildirib ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
Prezident Mattarella bundan öncə Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Bu, bizim dostluğumuzu daha da gücləndirəcək.
Prezident Sercio Mattarella isə çıxışı zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib. O bildirib ki, İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir.